REGİONLAR
Astarada aqroturizmin inkişafı ilə bağlı məlumatlandırma sessiyaları təşkil olunub
Astara, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Astara Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən “Aqroturizmin inkişafı üçün məşğulluğun artırılmasına dəstək” layihəsi çərçivəsində Astara rayonunun Kijəbə qəsəbəsi və Səncərədi kəndində məlumatlandırma sessiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məlumatlandırma sessiyalarında 40 nəfərdən çox sahibkar, bələdiyyə üzvləri, kənd ərazi icra nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri Vamiq Babayev layihə və onun məqsədləri barədə, layihənin donoru və təşkilat haqqında, turizm mövzusunda danışaraq bu sahədə dövlət tərəfindən görülən işləri, Astara rayonunda aqroturizmin perspektivləri və bu turizm növünün yerli əhalinin məşğulluğu baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Layihədə ekspert qismində çıxış edən Rafət Şirəliyev aqroturizm haqqında geniş məlumat verib, bu turizm növünün sosial, iqtisadi, mədəni faydalarını, bu sahədəki beynəlxalq təcrübəni ayrı-ayrı ölkələrin simasında iştirakçılara təqdim edərək, Astara rayonun aqroturizm potensiyalını və qanunvericilikdən irəli gələn məsələləri onlarla birgə müzakirə edib.
Tədbir iştirakçılarından Sədail Qasımov, Vüsal Babayev, Fəzail Abbasov, Aynur Həbibova, Namiq Orucov və digərləri layihənin əhəmiyyətindən söz açaraq, arıçılıq, sitrus meyvəçiliyi, çəltikçilik, heyvandarlıqda mövcud vəziyyətlə bağlı fikirləri bildiriblər.
Çıxış edənlər Astara rayonunda qeyd olunan kənd təsərrüfatı məhsullarının mövcud olmasının aqroturizm imkanlarının genişlənməsinə və bu sahədə məşğulluğun artmasına imkan yaradacağına əminliklərini ifadə ediblər.