REGİONLAR


Astarada bu il 42 min ton naringi tədarükü proqnozlaşdırılır VİDEO

Astara, 3 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Astaranın dağlıq və dağətəyi yaşayış məntəqələrinin sakinlərinin əsas məşğuliyyəti sitrusçuluqdur. Limon, portağal, qreyfrut, kinkan, naringi bağları bu ərazilərdə daha çoxdur. Ümumilikdə 4300 hektar təşkil edən bu bağların 2417 hektarı naringidir. Hazırda bağlarda bu meyvənin yığımı aparılır. Ötən il hektara 273,1 sentner olmaqla, 40 min 242 ton naringi tədarük edilən rayonda builki proqnoz daha yüksəkdir.

AZƏRTAC xəbər verir ki, Astarada sitrus meyvəçiliyi ilə ən çox Kijəbə ərazi vahidinə daxil olan kəndlərdə məşğul olurlar. Bu da ümumilikdə 800 hektardan çox ərazini əhatə edir. Bu ərazinin təkcə 500 hektardan çoxu naringi bağlarıdır.

Tüləgivan kənd sakini Fərid Ağayev həyətyanı torpaq sahəsində 500-600 meyvə ağacı - feyxoa, limon, portağal, naringi becərir. Yığdığı feyxoanın hamısını satan təsərrüfatçı indi də naringi dərir. Deyir ki, məhsulun yarısını satır, qalanını da anbarlara yığır: “Burada təqribən 200-ə yaxın ağac var. Terras üsulu ilə əkmişik. İntensiv suvarma sistemi də qurmuşuq. İlk günlərdə məhsulu yaxşı qiymətə satırdıq. İndi isə anbara yığırıq. Qiymət bir az aşağıdır, 1-2 ay saxlayandan sonra satacağıq”.

Yeddi-səkkiz illik bir ağac 20-25 kiloqram məhsul verir. Ağaclar böyüdükcə məhsuldarlıq da artır. Kənd sakinlərinin sözlərinə görə, mart-aprel aylarında havalar əlverişli keçdiyinə, eləcə də ağaclara düzgün aqrotexniki qulluq göstərildiyinə görə məhsuldarlıq da yaxşıdır.

Təsərrüfat sahibi Tamella Ağayeva deyib: “Şükür, məhsulumuz bu il boldur. İki tona yaxın naringi dərmişik. Hava imkan versə, yenə dərib satacağıq. Bu kəndin sakinlərinin dolanışığı meyvə bağlarındandır. İnşallah, yaxşı gəlir əldə edərik”.

Təsərrüfatçılar bildirirlər ki, əgər məhsul xarici bazarlara çıxarılarsa daha yüksək gəlir götürə biləcəklər.

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Sədail Qasımovun sözlərinə görə, hər il nümayəndəliyin ərazisində 5-6 min ton naringi yığılır. Bu da sakinlərin güzəranlarının yaxşılaşmasına böyük təsir göstərir. “Gecyetişən naringi sortları var, bundan sonra onların yığımına başlayacaqlar. Məhsuldarlıq bu il boldur. Havaların əlverişli keçməsi bağlarda təsərrüfatçıların üzünü güldürür”, - deyə o əlavə edib.

Astarada 2417 hektar naringi bağlarının 1473,5 hektarı məhsuldardır. Bu günədək rayon üzrə 10 min ton naringi yığılıb. Noyabrın sonunadək yığım aparılacaq bağlardan 42 min ton məhsul tədarükü proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.