REGİONLAR


Astarada bu il bal az olacaq - REPORTAJ VİDEO

Astara, 14 iyun, İsmayıl Cəfərli, AZƏRTAC

Cənub bölgəsində, Astaranın əksər dağlıq ərazilərində, xüsusən də rayonun Siyəkü inzibati ərazisində arıçılıq əhalinin əsas məşğuliyyəti hesab edilir. Hazırda bu kənddə “may balı” süzümünün qızğın çağıdır. Arıçılar aylardır çəkdikləri zəhmətin bəhrəsini götürmək üçün yeşikləri açıb bal yığırlar.

AZƏRTAC xəbər verir ki, Astara rayonunun Siyəkü inzibati ərazisi üzrə 9000 min arı ailəsi var. Bunlardan yeni qeydiyyata alınanların sayı 1250-dir. Arıçılar bu həftədən “may balı”nın süzümünə başlayıblar.

Arıçı fermer Tərlan Salayev builki məhsuldarlıqdan danışarkən bildirdi ki, təsərrüfatında 110 arı ailəsi var. O, bu il yeşiklərdən 800-900 kiloqram “may balı” götürəcəyini nəzərdə tutur.

Amma builki bal yığımında azalma müşahidə olunur. Səbəb yazın əvvəllərində ağacların çiçəkləmə dövründə havaların yağıntılı keçməsidir. Bu da istehsalın 20-25 faiz aşağı düşməsinə gətirib çıxara bilər. Bunu Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov da təsdiqlədi: “Rayonda bir neçə həvəskar arı ailəsi yaradılsa da, bal yığımında bu il azalma müşahidə olunur. Astarada 120 arıçının təsərrüfatında 27 minə yaxın arı ailəsi var. Hər arı ailəsindən ötən il ümumilikdə 30 kiloqram bal götürdük. “May balı”na gəldikdə isə bu, 18-20 kiloqram idi. Lakin bu il 10-12 kiloqram “may balı” götürə bildik. Əgər 2018-ci ildə rayon üzrə arıçılarımız 400 tona yaxın məhsul əldə etmişdisə, bu il 300 tona yaxın bal istehsalı proqnozlaşdırılır”.

Buna baxmayaraq, rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsidir. Bu da arıçıların işini daha da yaxşılaşdırmaqla, təsərrüfatlarını genişləndirməyə imkan yaradır. Keçən il 12240 arı pətəyi üçün 410 nəfərə subsidiya verilib. Bu il hazırda 470 nəfər üçün subsidiyalar hazırlanıb komissiyaya təqdim edilib.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov: “Məhsuldarlıq ötən il çox yüksək olub. Astara rayonunda fermerlərimiz çoxdur. Haradasa 30 minə yaxın arı ailəsi var. Amma bizə 1338 nəfər müraciət edib. Könüllü olduğu üçün bizə kim müraciət edirsə, vaxtında qeydiyyata alırıq. Onların indeksləşdirilməsi aparılıb”.

Əldə olunan məhsul ev şəraitində saxlanılır. Amma fermerlərin qarşılaşdığı əsas problemlərdən biri rayonda qablaşdırma sexinin olmamasıdır. Bu, onlara məhsullarını satmaqda müəyyən çətinliklər yaradır. Arıçı Əlikram Salayev deyib: “Ötən il 15-16 kiloqram bal götürmüşəm. Bu il hələlik məhsuldarlıq 9-12 kiloqram arasındadır. Məhsulu istehlakçıya çatdırmaqda çətinliyimiz var. Yarmarkalarda bal məhsulunun təxminən 15-20 faizini sata bilirik. Qalan məhsulumuz əlimizdə qalır. Biz istəyirik ki, məhsul tədarük olunsun, qablaşdırılsın və marketlərdə satılsın”.

Astaralı fermerlər deyirlər ki, havaların yağışlı olması bal süzümünü də bir qədər gecikdirib. Artıq iyun ayının ortaları olmasına baxmayaraq, arıçılar “may balı”nın çox olmayacağından ehtiyat edirlər. Arıçılar istehsal etdikləri məhsulu adətən sifarişlər əsasında satırlar. Balın 1 kiloqramı 20-25 manata təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.