REGİONLAR
Astarada dini radikalizm və ekstremizmlə bağlı müzakirələr aparılıb
Astara, 15 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 15-də Astara şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Politoloqlar Mərkəzinin həyata keçirdiyi “Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə” layihəsi çərçivəsində tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Komitənin cənub bölgəsi üzrə nümayəndəliyin məsul əməkdaşları, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin işçiləri, gənclər və ictimaiyyətin nümayəndələri, KİV-lərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev bildirib ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə üç ay davam edəcək.
İ.Əliyev diqqətə çatdırıb ki, dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquq normaları ilə tənzimlənir. Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi İslami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev çıxışında qeyd edib ki, qədim və zəngin tarixə malik olan ölkəmiz mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşməklə yanaşı, dinlərarası və sivilizasiyalararası münasibətlərin formalaşmasında özünün nümunəvi modeli ilə tanınır.
Daha sonra Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Mərasim Hacıyev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxşlarında dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıblar.
“SƏS” Media Qrupunun xəbərlər şöbəsinin rəhbəri Ceyhun Rasimoğlu və “İki Sahil” qəzetinin müxbiri Ceyhun Piriyev dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, Azərbaycanın dünyada dini tolerantlıq nümunəsi olduğunu vurğulayıblar.
Tədbir diskussiya şəklində davam etdirilib.
Günün ikinci yarısında yenidən eyni mövzu ətrafında gənclərlə görüş keçirilib.
Mərkəz rəhbəri İlkin Əliyev qeyd edib ki, dinin düzgün təbliği cəmiyyətdə yarana biləcək hər hansı fikir ayrılığı, radikal fəaliyyət və ekstremizm kimi halların qarşısının alınmasına böyük töhfə verə bilər.
Mövzu ətrafında DQİDK-nın Lənkəran bölgə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Lənkəran rayonu Ləj kənd məscidi dini icmasının üzvü Samid Quliyev multikulturalizmin mahiyyətindən, multikulturalizm modelləri və gənclərə multikultural dəyər və ideyaların aşılanmasından danışıblar.