REGİONLAR


Astarada əhalinin səmərəli məşğulluğunu təmin etmək üçün ardıcıl tədbirlər görülür

Astara, 26 iyul, Bağır Əliyev, AZƏRTAC

Qeyri-məşğul əhalinin işlə təmin olunması, əmək bazarının tənzimlənməsi, səmərəli məşğulluq sisteminin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamların, təsdiqlədiyi Dövlət proqramlarının, sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərin prioritet məqsədlərindən biri ölkəmizdə yeni iş yerlərinin yaradılması, işsiz insanların işlə təmin olunmasıdır.

Əmək ehtiyatlarından daha dolğun istifadə və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Məşğulluq Strategiyası məhz bu məqsədə xidmət edir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası da işaxtaranların münasib işlə təmin edilməsində mühüm əhəmiyyət daşıyır.

Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 108 min 38 nəfər əhalisi olan rayonun 50 min 815 nəfəri məşğul əhalidir.

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanına uyğun olaraq görülən işlər və həyata keçirilən tədbirlər nəticəsində indiyədək Astara rayonunda 12 min 774 iş yeri açılıb. Onlardan 9971-daimi, 2803-ü mövsümi işlərdir.

Qeyri-məşğul əhalinin münasib işlə təmin olunmasında rayon və şəhərlərdə fəaliyyət göstərən Məşğulluq mərkəzlərinin üzərinə də mühüm vəzifələr düşür. İşsiz vətəndaşların birbaşa müraciət etdiyi və qeydiyyata alındığı Məşğulluq mərkəzləri sosial-iqtisadi inkişaf zəminində mövcud real imkanlardan yararlanmaqla işsiz vətəndaşları işlə təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirirlər.

Bu ilin birinci yarısında Astara Rayon Məşğulluq Mərkəzində əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin yerinə yetirilməsi, tələblə təklifin tənzimlənməsi sahəsində müəyyən işlər görülüb. Ötən dövrdə Mərkəzdə 862 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydə alınıb. İşə qəbul olunmaq üçün Mərkəzə müraciət edənlərin 628 nəfəri idarə, müəssisə və təşkilatlarda işlə təmin olunub.

Altı ayda Mərkəzdə 15 nəfər haqqı ödənilən ictimai işlərə, 75 nəfər özünüməşğulluq layihəsində iştirak etməyə cəlb olunub. Hazırda Mərkəzdə 172 boş (vakant) iş yeri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.