REGİONLAR
Astarada ərzaq təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Astara, 27 avqust, Bağır Əliyev, AZƏRTAC
“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda növbəti tədbirini Astara Rayon Mərkəzi Kitabxanasında keçirib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.
Seminarda yerli sahibkarlar, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Şöbəsinin, Astara Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon kənd təsərrüfatı və statistika idarəsinin işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən layihə rəhbəri Vamiq Babayev layihənin məqsədi, donoru və təşkilat haqqında məlumat verərək, ölkəmizdə aqrar bölmənin inkişafı sahəsində dövlət tərəfindən görülən işlər, həyata keçirilən layihələrdən danışıb.
Layihə üzrə ekspert, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, kənd təsərrüfatı elmləri doktoru Balayar Şahbazov mövzu ilə bağlı çıxış edib. B.Şahbazov çıxışında yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması, müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması, yerli istehsalın sosial problemlərin həllində rolu, ekoloji təmiz məhsulun alınması, ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin təşkili, yerli istehsalın ölkəyə idxal edilən genetik modifikasiya olunmuş (GMO) məhsulun qarşısının alınmasında əhəmiyyəti barədə danışıb.
Tədbirdə çıxış edənlər arıçılıq, sitrusçuluq, çəltikçilik, heyvandarlıqda mövcud vəziyyətlə bağlı təkliflərini irəli sürüblər. Təkliflərdən biri də sahibkarlar arasında “biznes plan” tədbirlərinin təşkili və bu istiqamətdə sahibkarların maarifləndirilməsi ilə bağlı olub.
Seminara dəvət olunan aidiyyəti nazirlik və komitə nümayəndələri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.