CƏMİYYƏT
Astarada intellektual bilik yarışı keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Astara Gənclər Evində rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş 14-29 yaşlı gənclər arasında intellektual bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov Müstəqillik Gününün tarixi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin təbliğ edilməsi barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər yarışın keçirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, əsas məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq maddələrinin yerinə yetirilməsindən, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında elmin nüfuzunu artırmaqdan, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən ibarətdir.
Daha sonra “Astara” İntellektual İnkişaf Klubunun sədr müavini Cavid Cəfərli oyunun qaydaları haqqında məlumat verib.
Maraqlı keçən mübarizənin sonunda I və II yerlərə müvafiq olaraq “Zəfər” (Astara şəhər 6 saylı tam orta məktəb) və “Azəri-light” (Astara şəhər 1 saylı tam orta məktəb) komandaları layiq görülüblər.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.