REGİONLAR
Astarada maarifləndirici tədbir: “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!”
Astara, 13 may, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” devizi altında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Astara RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vilayət Allahverdiyev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemin daim ictimaiyyətin diqqətində saxlanmasının zəruriliyindən bəhs edib. Bildirib ki, bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzini ön plana çəkmək və gəncləri narkomaniyadan hər zaman uzaq olmağa çağırmaqdır. Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalı, sağlam və işıqlı gələcək naminə bu işdə laqeydlik göstərilməməlidir.
Sonda narkotik vasitələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.