REGİONLAR
Astarada mal-qara dabaq xəstəliyinə qarşı peyvənd olunur
Astara, 7 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda mal-qara arasında yayıla biləcək dabaq xəstəliyinin qarşısını almaq məqsədilə peyvənd kampaniyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, iyunun sonuna qədər rayonda 26 min başa yaxın mal-qaranın peyvənd olunması nəzərdə tutulub.
Astara Rayon Baytarlıq İdarəsi tərəfindən peyvəndləmə işlərinə rayonda fəaliyyət göstərən 11 baytarlıq məntəqəsi üzrə 21 baytar həkim cəlb olunub.
Mütəxəssislərin fikrincə, dabaq xəstəliyinə yoluxan heyvanlar yemdən kəsilməklə yanaşı, onların məhsuldarlıqları da aşağı düşür. Rayonda heyvanlar arasında yayıla biləcək digər xəstəliklərə qarşı da peyvənd işləri aparılıb.
Heyvandarlıq təsərrüfatlarında hələlik hər hansı yoluxucu xəstəlik aşkarlanmayıb.
Qeyd edək ki, Astara rayonunda 42 min 626 baş iribuynuzlu, 25 min 550 baş davar var.