REGİONLAR
Astarada məhsul buraxılışı və xidmətlərin həcmi 5,5 faiz artıb
Astara, 27 aprel, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Astara rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 39149,7 min manat olub. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 353,9 manat təşkil edib.
Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, məhsul buraxılışı və xidmətlərin 43,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 22,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 20,8 faizi sənayedə, 10,7 faizi tikintidə, 1,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 0,7 faizi isə informasiya və rabitə sahələrində istehsal olunub.