REGİONLAR


Astarada məskunlaşmış Füzuli sakini: Biz daha məcburi köçkün deyilik

Astara, 24 oktyabr, Bağır Əliyev, AZƏRTAC

1981-ci ildə Astara rayonundan Füzulinin Şükürbəyli kəndinə gəlin köçmüşəm. Övladlarımın hamısı – oğlum Vasif, qızlarım Elvira, Aynurə və Sitarə Füzulidə anadan olub. Şükürbəylinin düşməndən azad edilməsini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. İnşallah, tezliklə o torpaqlara qayıdacağımız günü gözləyirik.

Bu sözləri Astara şəhərinin Nərimanov küçəsində məskunlaşmış Füzulu rayonunun Şükürbəyli kənd sakini Arəstə Səfərova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

1993-cü ildə Füzulinin işğalından sonra ailəsinin Astaraya köçdüyünü bildirən Arəstə xanım kövrələ-kövrələ o ağır günləri bir daha yada salıb: “Getsin o günlər, bir daha gəlməsin. Novruz çərşənbəsinə bir gün qalırdı. Ermənilər kənddə xəbər yaymışdılar ki, bayramı azərbaycanlıların yasına döndərəcəyik. Kəndin bütün sakinləri köç edirdi. Yoldaşım məni üç uşaqla Astaraya gəlmək üçün motosikletlə Bəhrəmtəpə dördyoluna tərəf göndərdi. Özü isə böyük qızımla kənddə qaldı. Böyük əzab və əziyyətlə axşam saatlarında Astaraya gəldik. Anam məni, uşaqları bu vəziyyətdə görəndə hönkürtü ilə ağlamağa başladı. Həmin gecə anam bu iztiraba dözməyib dünyasını dəyişdi...”

İyirmi yeddi ildir ki, Şükürbəylinin həsrəti ilə yaşadığını bildirən həmsöhbətimiz qeyd edib ki, kənddə böyük təsərrüfatları olub. “Üzüm bağımız vardı, 20-yə yaxın qoyun-keçi, 5 baş qaramal saxlayırdıq. Heç nədən korluq çəkmirdik. Qonşularımız çox mehriban insanlar idi, bir-birimizə can deyib, can eşidirdik”, - deyə o bildirib.

Arəstə xanım Şükürbəyli kəndinin azad olunması xəbərini eşidəndə sevincindən bir müddət nitqinin tutulduğunu söyləyib: “Uşaqlarım mənə sarılaraq hönkürtü ilə ağladılar. Tökülən göz yaşları sevinc yaşları idi. Sonra yoldaşım Mərifət də bu şad xəbəri eşidib evə gəldi. Həmişə doğma yurd həsrəti ilə yaşayan Mərifət elə həmin gün Füzuliyə yola düşdü. O, dörd gündür Füzulidədir”.

“Biz daha məcburi köçkün deyilik”, - deyən Arəstə xanım kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyir. “Kəndə qayıdan kimi birinci növbədə qayınatamın və qayınanamın qəbrini ziyarət edəcəyəm, onların ailəmdə haqları böyükdür. Təsərrüfatımızı yenidən bərpa edəcəyik. Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə müzəffər Ali Baş Komandanımız, Rəşadətli Ordumuz bəxş edib. Allah Prezidentimizi, düşmənlə döyüşən əsgər və zabitlərimizi qorusun. Amin!”, - deyə o əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.