REGİONLAR
Astarada mini futbol üzrə rayon birinciliyi başa çatıb
Astara, 1 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində mini futbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, beş gün davam edən və Olimpiya sistemi üzrə keçirilən yarışda 20 komanda qələbə uğrunda mübarizə aparıb.
Yarışların yekun nəticələrinə əsasən, Astara şəhərinin “Dinamo” komandası birinci, “Ərçivan” komandası ikinci, “Deqədi” (Kijəbə qəsəbəsi ) və “313-lər” (Ərçivan qəsəbəsi) komandaları üçüncü yerləri tutublar.
Rayon birinciliyinin qaliblərinə diplomlar və kuboklar verilib.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon icra hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi Şahverən Cavadov, sərbəst güləş üzrə XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, ikiqat Avropa çempionu və ikiqat Dünya birinciliyinin bürünc mükafatçısı, Astara Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Cəbrayıl Həsənov və başqaları qalib adı qazanmış idmançıları təbrik edib, futbolçulara yeni-yeni qələbə sevincləri arzulayıblar.
Çıxış edənlər Azərbaycan idmançılarının Rio-de-Janeyro Yay Olimpiadasında qazandığı uğurları, astaralı idmançı Cəbrayıl Həsənovun bürünc medal qazanmasını dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsi kimi dəyərləndiriblər.