REGİONLAR
Astarada qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıblar
Astara, 27 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayon sakinləri F.Kazımzadə və Ü.Cabbarlı idarə etdikləri “VAZ 2107” markalı avtomobillərlə rayonun Siyakü kəndində yerləşən məktəbin qarşısında digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Astara Rayon Məhkəməsinin qərarı ilə saxlanılanların hər ikisi 15 gün müddətində inzibati qaydada həbs olunub. Ü.Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.