CƏMİYYƏT
Astarada saxta pul və narkotik vasitə satan şəxslər yaxalanıblar
Bakı, 13 yanvar, AZƏRTAC
Astara rayonunda saxta pul və narkotik vasitə satan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş O.İbrahimov Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Rüdəkənar kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov da müəyyənləşdirilərək saxlanılıb, ondan heroin götürülüb.
Davam etdirilən tədbirlərlə S.Məmmədova narkotik vasitəni satmaqda şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov da saxlanılıb. Ondan metamfetamin və 13 ədəd 100 dollarlıq, 20 ədəd 20 manatlıq, 6 ədəd 50 manatlıq, 2 ədəd 100 manatlıq saxta əsginas, yaşadığı evə baxış zamanı isə 80 qrama yaxın metamfetamin, 810 qram marixuana və bir gecəgörmə cihazı aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.