REGİONLAR
Astarada sənaye məhsullarının istehsalı 6,9 faiz artıb
Astara, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ötən il Astara rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 32 milyon 720,4 min manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Rayonda sənaye məhsulları istehsalı ötən illə müqayisədə 6,9 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda istehsal edilən sənaye məhsullarının 37,8 faizi emal , 61,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalının bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşür.
Emal sənayesində 2021-ci ildə 12 milyon 361,8 min manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Diqqətə çatdırılıb ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda il ərzində 20 milyon 127,2 min manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artım qeydə alınıb.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə istehsal olunmuş məhsulların həcmi 34,2 faiz artaraq, 231,4 min manat təşkil edib.