REGİONLAR
Astarada və Lerikdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Astara-Lerik, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Astara və Lerik rayonlarında faciə qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən aksiya zamanı Ələt-Astara avtomobil yolunun Astara şəhərinə aid hissəsində 113 sərv, 100 girdəyarpaq birgöz, 200 göyrüş, 200 dəmir ağacı olmaqla, ümumilikdə 613 ağac əkilib.
Əkilmiş ağaclar Xocalı şəhərində erməni terroru nəticəsində soyqırımına məruz qalan şəhidlərimizi simvolizə edir. Qanlı terror qurbanlarının sayı qədər torpağa əkilən ağaclar, qədirbilən xalqımız tərəfindən şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyinin və heç zaman unudulmayacağının təzahürüdür.
X X X
Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Lənkəran-Lerik avtomobil yolunun Piran kəndi ərazisində və Lerik rayonunun müxtəlif ərazilərində 113-ü sərv, 100-ü girdəyarpaq birgöz, 200-ü göyrüş, 200-i dəmir ağacı olmaqla, ümumilikdə 613 ağac əkilib.
Ağacəkmə aksiyasında rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, YAP Lerik rayon təşkilatının fəalları və könüllülər iştirak ediblər.
Xüsusi karantin rejimi qaydaları gözlənilməklə əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.