REGİONLAR
Astarada xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara nəzarət gücləndirilib
Astara, 2 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Astara rayonunda da davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti aparatının, inzibati ərazi dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaşı 65-dən çox olan insanların evdən çıxmaması ilə bağlı qadağaları nəzərə alaraq, onlarla profilaktik söhbətlər aparırlar.
Xüsusi karantin rejimi qaydalarına nəzarət edilməsində mobil qrupun üzvləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Dövlət Sərhəd Xidmətinin hərbçiləri də iştirak edirlər.
Rayonda əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilərək, həmin ərazilərə giriş tamamilə məhdudlaşdırılıb.
Təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Xüsusi karantin rejimi qaydalarına nəzarət etmək və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonun qəsəbə və kəndlərində də polis naryadları ayrılıb.