REGİONLAR
Astarada xüsusi karantin rejimi qaydalarını pozan şəxs həbs edilib
Astara, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Koronaviris (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Astara Rayon Polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu tədbirlər çərçivəsində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi ərazidə, Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs saxlanılıb.
Astara rayonunun Şiyəkəran kənd sakini Kənan Əmrayev xüsusi karantin rejimi qaydalarını polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla pozaraq Lənkəran rayonunun ərazisinə daxil olub.
Həmin şəxs daha sonra Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib.
Ümumilikdə, bu günədək Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.
Rayonun polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Onlara bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin olunmasına və onların sağlamlığının qorunmasına xidmət edir.