REGİONLAR
Astaralı gənclər narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar
Astara, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 24-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə sosial bəlaya həsr olunan “Biganə qalma” filminə baxıblar.
Sonra Mərkəzin əməkdaşı Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası Elnur Rəsulov, polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin inspektoru, polis baş leytenantı Anar Atakişiyev, rayon mərkəzi xəstəxanasının həkimi Fuad Səmədov və başqaları narkomaniya və onun törətdiyi fəsadlardan, ölkəmizdə, o cümlədən Astara rayonunda “ağ ölümə” qarşı aparılan mübarizə tədbirlərindən danışıblar.
Açıq diskussiya şəklində davam edən maarifləndirici tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.