REGİONLAR
Astaralı məzunlardan rekord göstərici – bir sinfin 17 şagirdinin hamısı ali məktəbə daxil olub FOTO VİDEO
Astara, 8 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Astara şəhər Mirzə Ələkbər Sabir adına məktəb tələbə qəbulunda rekorda imza atıb. Belə ki, sözügedən məktəbin 11a sinfini bitirən 17 məzun ali məktəbə qəbul olaraq tələbə adını qazanıblar.
AZƏRTAC xəbər verir ki, Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə 2018-ci və 2019-cu tədris ilində ilk dəfə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərir. Məktəbin humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü 11–a sinfinin 17 məzununun hamısı builki buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar.
Sinfin ən yüksək nəticə göstərən şagirdlərindən biri Fatimə Dadaşovadır. Doqquzuncu sinfə qədər heç bir repetitor yanına getmədən fərqlənmə attestatına layiq görülən Fatimə bildirib ki, yalnız bir ildə məşğələlərə qatılıb. “Müəllimlərimin üzərimdə əməyi danılmazdır. Arzuladığım ixtisas maliyyə ixtisası idi və Azərbaycan İqtisad Universitetinə daxil olmaq üçün çox çalışdım. Sonda bunun bəhrəsini gördüm. Həm buraxılış, həm də qəbul imtahanında yekun olaraq 636 bal topladım”, - deyə o əlavə edib.
Təmayüllü sinfin məzunlarından 2 nəfəri 600-dən, 2 nəfəri 500-dən, 13 nəfəri isə 300-400 baldan yuxarı nəticə ilə ölkəmizin müxtəlif nüfuzlu ali məktəblərinə qəbul olunublar. Onlardan ikisinin biliyi fərqlənmə attestatı ilə qiymətləndirilib.
Tələbə Fatimə Rəhimova deyib: “Üçüncü ixtisas qrupu üzrə 543 bal yığdım və ixtisas seçiminə qatıldım. Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyinə daxil olmuşam. İxtisas ürəyimcədir. Buna görə müəllimlərim başda olmaqla, məktəbimizə təşəkkür edirəm, valideynlərimə təşəkkür edirəm, hər zaman yanımda olublar”.
17 şagirdin sinif rəhbəri Gülnar Məlikzadə isə deyir ki, sinifdə uşaqlar arasında hər zaman sağlam rəqabət olub. Onların uğur qazanması həm də müəllim-şagird-valideyn əməkdaşlığının düzgün qurulmasının məntiqi nəticəsidir: “Mən bu gün ikiqat sevinirəm. Çünki məhz mənim rəhbərlik etdiyim sinfin məzunları 100 faiz nəticə göstərərək respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul olunublar. Bu uğur münasibətilə şagirdlərimi, onların valideynlərini və zəhməti keçən bütün müəllimləri təbrik edirəm”.
Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva belə yüksək göstəricinin ölkəmizdə aparılan uğurlu təhsil siyasətinin nəticəsi olduğunu vurğulayır. “Bu uşaqlar həm də bizim çox sevimli şagirdlərimiz olub. Onlar Azərbaycanın nüfuzlu ali məktəblərinə qəbul olunublar. 17 şagirdimizdən ikisi 600-dən yuxarı bal toplayıb. Bu, böyük nəticədir. Astara rayonunda 62 ümumtəhsil müəssisəsi var. Onların arasında ən çox bal toplayan iki məzun bizim şagirdimizdir. Biri 636 bal, digəri isə 625 balla ali məktəbə daxil olublar. Ümumiyyətlə, 17 şagirdin hamısının ali məktəbə daxil olması bizim üçün çox qürurvericidir”.
Qeyd edək ki, ümumilikdə, Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin 36 məzunundan 33-ü ali və orta ixtisas məktəblərinə qəbul olub.