REGİONLAR


Astaralı rəssam: Saatlarla Xəzərin sahilində oturub şıltaq ləpələrin pıçıltısına qulaq asmaqdan doymuram

Astara, 4 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Rəssam olmağıma görə atama borcluyam, bu sənətə olan məhəbbəti atam qəlbimdə şölələndirib. Ancaq, mənə elə gəlir ki, rəssam olmasaydım da, yenə şəkil çəkəcəkdim. Bilirsiniz niyə? Çünki mən təbiət vurğunuyam.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlərin müəllifi astaralı rəssam Firudin Quliyevin rəssamlığa marağı ailədən başlayıb. Bu sənətə olan marağı onda atası oyadıb.

Atası Möhsüm kişi rəssam olmasa da, çalışdığı sənəti rəssamlığa yaxın idi. Uzun müddət rayonda arxitektor vəzifəsində işləyən Möhsüm Quliyev oğlunu rəssam görmək istəyirdi. O, hər dəfə işdən qayıdanda Firudinə rəngli kitablar və karandaşlar gətirər, şəkil çəkməyin yollarını oğluna böyük həvəslə öyrədərdi. Balaca Firudin də yorulmaq bilmədən şəkil çəkərdi...

Firudin Quliyev uşaqlıq illərini belə xatırlayır: “Hər gecə atam çəkdiyim şəkilləri yoxlayıb mənə qiymət yazardı. Qiymət verməkdə çox xəsis idi. Həmişə mənə “üç” yazardı. Bir dəfə kitabdan Koroğlunun şəklini çəkdim. Çəkdiyim rəsm atamın çox xoşuna gəldi. O, əlini çiynimə qoyub dedi: “Oğul, deyəsən səndə alınacaq.” Həmin gün atam mənə “beş” yazdı.

Birinci sinifdə oxuyanda rayon pionerlər evində fəaliyyət göstərən “Gənc rəssamlar” dərnəyinə üzv yazıldım. Pionerlər evində təşkil edilən sərgilərdə mənim çəkdiyim şəkillər də nümayiş etdirilirdi. Əvvəllər rəsmləri karandaş ilə çəkirdim. Sonralar isə rəngli boya ilə işləməyə başladım. Ən çox Astaranın təbiət mənzərələrini təsvir etməyə çalışırdım. Arabir oxuduğum bədii əsərlərdən illüstrasiyalar da çəkirdim”.

Rəssamlıq sənətinə olan marağı səkkizinci sinfi bitirdikdən sonra Firudin Quliyevi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gətirir. O, burada oxuduğu illərdə öz nəzəri biliyini artırır. Məhz bu illərdə başa düşür ki, öz istəyini, arzusunu rənglərin dili ilə verməlidir. Firudinin nəzəri biliyi zənginləşdikcə onun çəkdiyi rəsmlərə münasibəti də dəyişir. Gənc rəssamı daha çox insanın mənəvi aləmi, onun keçirdiyi hiss və həyəcanları maraqlandırır. Kağız və kətan üzərində insanın düşüncəsi, duyğuları, qayğıları və arzuları daha çox əksini tapırdı.

Firudinin dediklərindən: “Astaranın əsrarəngiz gözəlliyi çoxlarının ilham mənbəyinə çevrilib. Bu gözəllik mənim də qəlbimi ovsunlayıb. Saatlarla Xəzərin sahilində oturub şıltaq ləpələrin pıçıltısına qulaq asmaqdan doymuram. Talış dağlarını özgə hüsnü var. Həmişə bu gözəllikləri çəkdiyim rəsmlərdə əks etdirməyə çalışmışam.

Əvvəllər elə bilirdim ki, yeddi rəng var. Ancaq, indi rənglərin sayı mənim üçün o qədər çoxalıb, mənalaşıb ki... Sanki içimdə bir dünya var - rənglər dünyası. Rənglərin yaratdığı möcüzələr ömrümə vurulan naxışlardır. Bu naxışlarda sevincim də var, kədərim də...”.

Rənglərin yaratdığı möcüzələr Firudinin təbiətə, onun qoynunda yaşayanlara münasibətini dəyişir, ona həssaslıq, romantika dolu bir ömür bəxş edir. O, məhz tələbəlik illərində başa düşür ki, gördüyünə, duyduğuna özünün yaradıcılıq fantaziyasını əlavə etməklə çəkdiyi şəkillərin forma müxtəlifliyinə və məzmun dolğunluğuna xüsusi diqqət yetirməlidir. Çəkilən rəsm əsərləri təkcə rənglərin əlvanlığı ilə göz oxşamamalı, həm də insanı düşündürməlidir.

1968-ci ildə rəssamlıq məktəbini bitirən F.Quliyev əmək fəaliyyətinə boya-başa çatdığı Astarada başlayır. Həmin dövrdə rayonun küçə və meydanlarında vurulan qabaqcıl əmək adamlarının, partiya və dövlət xadimlərinin portretləri, stendlər, plakatlar, şüarlar, bir sözlə, bütün tərtibat işləri Firudinin adı ilə bağlı idi.

Astaralı rəssam 1974-cü ildə təhsilini Leninqrad Ali Rəssamlıq Akademiyasında davam etdirib. 1982-ci iyulun 1- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Astara rayonuna səfəri çərçivəsində Firudin Quliyevlə görüşüb söhbət edib, onun əl işlərini yüksək qiymətləndirib: “Heydər Əliyevin Astaraya gəlməsi xəbərini eşidəndə bərk həyəcan keçirdim. Axı, rayonda, ilk növbədə, mənim əl işlərim diqqəti cəlb edirdi. Ona görə də öz-özümə fikirləşirdim: görəsən çəkdiyim şəkillər rəhbərimizi razı salacaqmı? Eşidəndə ki, Heydər Əliyev mənimlə görüşmək istəyir, sevincimin həddi-hüdudu yox idi. Bu görüş ömrümün ən yaddaqalan səhifələrindən biri idi. Ulu Öndərimiz mənimlə xeyli söhbət etdi. Çəkdiyim şəkillər onun xoşuna gəlmişdi. Əlbəttə, bu mənim üçün ən böyük mükafat idi.”.

Firudin Quliyev 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun rəsm əsərləri təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilib, mükafatlara layiq görülüb.

2005-ci ildən Astara Dövlət Rəsm Qalereyasında rəssamlıq kursuna təmənnasız rəhbərlik edən F.Quliyevin yetirmələri bir çox uğurlara imza atıblar.

O, 70 illik ömrünün 25 ilini müqəddəs “Qurani-Kərim”in surələri əsasında çəkdiyi şəkillərə həsr edib. Bunun səbəbinə gəldikdə, o, deyib: “Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq sərgidə olarkən həmkarlarım mənə Azərbaycanda dini mövzuda az əsərlərin olduğunu irad tutdular. Mən bu iraddan sonra qərara gəldim ki, “Qurani-Kərim”in 114 surəsinin hər birinə aid ayrıca tablo çəkim. İndiyədək bu tablolardan 60-nı çəkmişəm. Bu rəsmlərin əvvəlcə eskizini çəkir, sonra isə yağlı boya ilə kətan üzərinə köçürürəm. “Qurani-Kərim”in surələri əsasında çəkdiyim əsərlərə maraq daha çoxdur. Xarici ölkələrdən bu tabloları baha qiymətə almaq istəyənlər də var. Ancaq, mən bu tabloları heç vaxt satmayacağam, çünki bu əsərlər mənim Azərbaycan rəssamlıq məktəbinə ən böyük töhfəmdir”.

Astaralı rəssamın iş emalatxanasında rənglərin yaratdığı möcüzələrlə yaxından tanış olduq. Bu rəsmlərin hər birində rəssam həssaslığı, onun gözəlliyə vurğunluğu diqqəti cəlb edir. Bu sənət əsərlərində təbiətin yaratdığı gözəlliklərlə insan əli ilə yaradılan gözəllik vəhdətdə olur, biri digərini tamamlayır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti üzərində böyük həvəslə işləyir.

Firudin Quliyev bizə gələcək planlarından danışaraq arzusunu belə ifadə etdi: “Xarici ölkələrdən işləmək üçün çoxlu dəvətlər alıram. Ancaq, mən bu dəvətlərin heç birini qəbul etməmişəm. Doğulub boya-başa çatdığım Astarada işləməyimdən zövq alıram. Ən böyük arzum isə “Qurani-Kərim”in 114 surəsi əsasında əsərlərimi başa vurduqdan sonra ölkəmizdə və xaricdə onların sərgisini təşkil etməkdir”.

Sənət aləmi qayğılarla, möcüzələrlə doludur. Astaralı rəssam Firudin Quliyev da bu qayğılarla əhatə olunub. Qabaqda onu hələ neçə-neçə sınaqlar gözləyir. O, çəkdiyi sənət əsərləri ilə ellərə, obalara yenə də sevinc bəxş edəcək...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.