REGİONLAR
Astaralı sahibkarlar sənaye sahəsində biznesin təşkili və idarə edilməsi barədə məlumatlandırılıblar
Astara, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astarada sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, treninqdə sənaye sahəsində biznesin təşkili və idarə edilməsi, sənayedə brendləşmə, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, investisiya layihəsinin (biznes planın) tərtib olunması və s. barədə ətraflı məlumatlar verilib.
Tədbirdə, həmçinin Apelyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə də danışılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.