REGİONLAR
Astaralı tarzan və ya “Bəbir Babaxan” VİDEO
Astara, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
“Tarzan Babaxan” kimi tanınan Babaxan Rəhmanov Astara rayonunun Siyov kənd sakinidir. Bu ləqəb ona Hirkan meşələrinin əlçatmaz zirvələrini yaxşı tanıdığına görə verilib. O, Hirkan meşələrində yaşayan bəbirlərin müəyyən olunması, onların mühafizəsi işində mütəxəssislərə bələdçi kimi köməyini əsirgəmir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Babaxan Rəhmanov Amerikanın “National Geographic World” telekanalının Hirkan Milli Parkında çəkdiyi “Avropanın son bəbiri” adlı filmin ərsəyə gəlməsində yaradıcı heyətə bələdçilik edib. Ekspedisiyanın üzvləri Avropada nəsli tükənməkdə olan bəbirlərin görüntülərini məhz Babaxan Rəhmanovun köməyi ilə çəkə biliblər.
Babaxan Rəhmanovun 55 yaşı olmasına baxmayaraq, çox qıvraqdır. O, 15-20 metr hündürlüyü olan ağaclara dırmanır, ağacdan-ağaca tullanır.
Onun el arasında ikinci adı isə “Bəbir Babaxan”dır. Bu ləqəbin ona bəbirlərə olan sonsuz sevgisinə görə verildiyini bildirən Babaxan deyib: “Meşənin dərinliklərində neçə dəfə bəbir və balalarını görmüşəm. Onlar çox gözəldir. Allah təbiətimizi gözəl yaratdığı kimi, təbiətimizə uyğun gözəl heyvanlar da yaradıb. Çalışmalıyıq ki, bu heyvanları qoruyaq, onlara zərər yetirməyək”.
Qeyd edək ki, Babaxan Rəhmanov Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Bakı ofisinin əməkdaşıdır. Bəbirlərin həyatının monitorinqi ilə məşğul olan təbiət vurğununun ən böyük arzusu isə bu heyvanın nəslinin artırılmasıdır.