REGİONLAR
Astaralı təsərrüfatçı uyğunlaşdırılmış noxud növünə üstünlük verməklə su probleminin öhdəsindən gəlib
Astara, 21 may, Bağır Əliyev, AZƏRTAC
Son illər Astara rayonunda noxud əkini sahələrinin genişləndirilməsinə diqqət artırılıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə aqrar bölmənin inkişafına göstərilən dövlət dəstəyi, məhsul istehsalçılarına verilən subsidiyalar, onlara edilən güzəştlər ənənəvi əkin sahələrin inkişafına əlverişli şərait yaradıb.
Məhsul istehsalçılarına göstərilən dövlət qayğısından yararlanan astaralı fermerlər bu il noxud sahələrini genişləndiriblər. Bu il havaların yağıntılı keçməsi digər paxlalı bitkilər kimi, noxudun da məhsuldarlığına müsbət təsir göstərəcək.
Təsərrüfat sahibi Sulduz Məmmədov dörd hektardan çox sahədə noxud əkib. Su problemi olduğu üçün o, çox su tələb etməyən uyğunlaşdırılmış yerli noxud növünə üstünlük verib.
Hər il sahələrdən toplanan noxudun məhsuldarlığı sahibkarı qane edir, bazarlarda isə alıcı qıtlığı yaşanmır.
Noxud əkilmiş sahələrdə gübrələmə aparılıb və zərərvericilərə qarşı vaxtında aqrotexniki tədbirlər görülüb.
Qeyd edək ki, Astarada noxud məhsulunun yığımına iyulun ortalarında başlanılacaq.