REGİONLAR
Astaralı uşaqların rənglər dünyası
Astara, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC
Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür. Rəssamlıq insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yoludur. Bu sənət ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edir.
Uşaqlar adətən daha çox rəsm çəkməyə meyil göstərirlər. Astara rayonunda rəssamlıq sənətinə marağı olan uşaqları birləşdirən məkan Astara Dövlət Rəsm Qalereyasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1980-ci ildən fəaliyyət göstərən rəsm qalereyası Astara Rayon Mədəniyyət Mərkəzinin birinci mərtəbəsində yerləşir. Rəsm qalereyası 50 kvadratmetr ekspozisiya zalından və 12 kvadratmetr fond saxlayıcı otaqdan ibarətdir.
Astara Dövlət Rəsm Qalereyasının nəzdində uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsinə və yeni nəsil rəssamların yetişməsinə xidmət məqsədi ilə "Rəssamlıq dərnəyi” fəaliyyət göstərir.
2005-ci ildən rəssamlıq dərnəyinə təmənnasız rəhbərlik edən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Fəxri Mədəniyyət işçisi Firudin Quliyevin yetirmələri bir çox uğurlara imza atıblar.
Hazırda "Rəssamlıq dərnəyi”nin 25 üzvü var. İstedadlı uşaqlar beynəlxalq rəsm müsabiqələrində və ölkə daxilində keçirilən rəsm festivallarında fəal iştirak edirlər.
Rəsm qalereyası hər il dünyanın müxtəlif yerlərində minlərlə uşağı bir araya gətirən, dünyanın ən böyük sərgilərini təşkil edən Çexiya, Belarus və Ukraynada keçirilən Beynəlxalq uşaq təsviri sənət yarışmalarına dəvət alır.
Uşaqların çəkdikləri portret, mənzərə, natürmort, tematik tablolar, süjetli kompozisiyalar-rənglərin palitrasından yaranan tablolar insanı obrazların emosional daxili aləminin əks etdirdiyi hisslərlə ovsunlayır. Bu rəsmlərə tamaşa edərkən düşünməmək mümkün deyil. Onlar ilk baxışdan insanı cəlb edir və onlara təkrar baxmaq istəyirsən.
Balaca rəssamların orijinallığı ilə diqqəti cəlb edən rəsmləri onların maraq dünyasından, yaradıcılıq qabiliyyətindən xəbər verir.
Rəssam Firudin Quliyev deyir ki, bildiklərimi başqalarına öyrətmək mənə zövq verir. Bu mənada, uşaqların sevgisi, onların uğurları məni sevindirməklə yanaşı, işimə olan həvəsimi də artırır. Onların arasında özlərini doğruldan, gələcəyin rəssamları olacaq potensialda uşaqlar az deyil.
Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının əl işləri əsasən rayon mədəniyyət mərkəzinin birinci mərtəbəsinin foyesində sərgilənir. Şərait olmadığından rəsmlərin bir qismini nümayiş etdirmək mümkün deyil.
Rəssamlıq dərnəyinin rəhbəri, istedadlı rəssam Firudin Quliyevin müqəddəs “Qurani-Kərim”in surələri əsasında rəngli boya ilə çəkdiyi orijinal əsərlər uşaqların məşğələ keçirdiyi otaqda sərgilənir.
Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva bildirib ki, qalereyadakı vəziyyət ayrıca binanın tikilməsi zərurətini yaradıb: “Yeni bina uşaqların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması, habelə rayonda rəssamlıq sənətinin inkişafı ilə bağlı qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradar”.