REGİONLAR
Astaranın Burzubənd kəndində inşa edilən yeni məktəb binası bu il istifadəyə veriləcək
Astara, 5 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər Astarada 40-dan çox yeni məktəb binası tikilib, modul tipli məktəblər quraşdırılıb, 8 təhsil müəssisəsi isə əsaslı təmir edilib.
Ötən il Qapıçıməhəllə kəndində 96, Lomin, Şəvqo, Dolu, Şəmətük və Düriyyə kəndlərinin hər birində 56 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilib.
Tikintisinə 2018-ilin iyulundan başlanılmış Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən 364 şagird yerlik yeni məktəb binasının inşası isə artıq başa çatıb.
İkimərtəbəli, iki korpusdan ibarət məktəb binasında tikinti-quraşdırma, konstruksiya işləri yekunlaşıb. Dam örtüyü vurulub. Elektrik, istilik xətləri çəkilib. Məktəbin ətrafında köməkçi obyektlər tikilib. Qazanxana, nasosxana, su çənləri və anbarlar tikilib. Məktəbin həyətində 120 metrlik artezian quyusu qazılıb, ərazidə transformator quraşdırılıb.
Yeni məktəb binası 30 otaqdan ibarətdir. Burada kitabxana, yeməkxana, akt zalı, fənn laboratoriyaları və idman zalı fəaliyyət göstərəcək.
Yeni tədris ilində istifadəyə veriləcək Burzubənd kənd tam orta məktəbində şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.