REGİONLAR


Astaranın Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılır

Astara, 20 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astaranın Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayonunun yüksək dağlıq ərazisində yerləşən Diqo, Dolu və Sekaşan kəndlərinin sakinləri uzun illərdir ki, elektrik enerjisinin təminatında çətinliklərlə üzləşirlər. Altı ailənin yaşadığı Sekaşan kəndinin sakinləri 1994-cü ilə kimi elektrik enerjisindən istifadə etsələr də, uzun illər baxımsızlıq ucbatından elektrik naqilləri və dirəkləri sıradan çıxdığından kənd işıqsız qalıb. 130 nəfərin yaşadığı Diqo və Dolu kəndlərinə isə Sovetlər dönəmindən indiyədək elektrik xətti çəkilmədiyindən sakinlər bir sıra çətinliklərlə üzləşirlər.

“Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamı ilə bütün bu problemlərə son qoyulub. Sərəncamına əsasən, bu kəndlərin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC-yə 1,5 milyon manat ayrılıb.

Avqustun əvvəllərindən başlayaraq Sərəncamın icrası ilə bağlı hər 3 kənddə tikinti və quraşdırma işlərinə başlanılıb. Tikintidə podratçı təşkilat - “İMA Enerji” MMC-nin işçiləri çalışırlar.

MMC-nin sədri Tofiq Rəsulovun verdiyi məlumata görə, tikinti və quraşdırma işlərində 15 işçi çalışır. Artıq Sekaşan kəndində işlərin 90, Dolu kəndində 60, Diqo kəndində isə 40 faizi başa çatıb. Sekaşan kəndində 1 ədəd 40 kilovoltluq transformator quraşdırılıb. Kəndin ərazisində 36 ədəd 10 kilovoltluq metal dayaq və 14 ədəd 10 kilovoltluq söykənəcək basdırılıb, bütün evlərdə elektrik sayğacı quraşdırılıb. Kəndi dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə ərazidə 5000 metr AS-35 elektrik, 450 metr SİP kabel çəkilib, 18 ədəd 0,4 kilovoltluq SİP dayaq basdırılıb.

Dolu kəndində isə 40 ədəd 10 kilovoltluq metal dayaq və 5 ədəd 10 kilovoltluq söykənəcək, 349 ədəd 0,4 kilovoltluq SİP dayaq basdırılıb, əraziyə 5100 metr AS-35, 5000 metrə isə SİP kabel çəkilib.

Hər üç kənddə tikinti və quraşdırma işləri bu ilin sonunadək başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.