REGİONLAR


Astaranın Pensər kəndində türk şəhidinin məzarı ziyarət edilib

Astara, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 ili tamam olur. Bu tarixi qələbədə Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdələrindən olan Nuru paşanın müstəsna rolu olub.

Qafqaz islam Ordusu Bakıda hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi quldur dəstəsinin Azərbaycan türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi kütləvi soyqırımının qarşısını almaq, Azərbaycan xalqının müstəqilliyini qazanmaq üçün Osmanlı Türkiyəsi və Azərbaycan Silahlı Qüvvələrində təşkil olunmuş hərbi struktur kimi tarixə düşüb. Bu xilaskar ordu Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündən - 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərib.

Azərbaycan hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun türk və Azərbaycan hərbi qüvvələri daşnakların tərksilah edilməsində, respublikamızın ayrı-ayrı bölgələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstəriblər.

Lənkəran-Astara bölgəsində baş verən belə döyüşlərdən birində türk zabiti Yusif Camal bəy azərbaycanlı igidlərlə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub. Astara rayonunun Pensər kəndindəki “Hacı Teymur” cümə məscidinin həyətində dəfn olunan türk şəhidinin məzarı uzun illərdir ki, yerli əhalinin və turistlərin ziyarətgahına çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 15-də Astara rayonunun Pensər kəndində Qafqaz İslam Ordusu tərəfindən xəyanətkar daşnakların quldur dəstələrinin tərksilah və Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə keçirilən tədbirdə rayon ictimaiyyətinin, ziyalıların və ümumtəhsil məktəblərinin kollektivləri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Astara “Bilik Evi”nin mühazirəçisi, filologiya elmləri doktoru Mehman Qaraxanoğlunun “Azərbaycanın cənub bölgəsi Cümhuriyyət dövründə” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin məntiqi davamı olduğunu vurğulayaraq minillərdən gələn dəyərlərin dövlətçilik prinsipləri əsasında qorunduğunu, ölkəmizin multikultural, tolerant nümunəsi olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti ümumi birlik ideyasının təntənəsidir. Azərbaycanın hər bir bölgəsi Cümhuriyyətimizin yaranmasına öz töhfəsini verib.

Qardaş Türkiyə dövləti də tarixi mübarizəmizə biganə qalmamış, rus və erməni quldur dəstələrindən xalqımızı qorumaq üçün Bakıya və bölgələrimizə ordu göndərib. Bugün Pensər məscidinin həyətində qoşa uyuyan Hacı Osman bəy və Camal Yusif bəyin məzarları dediyimizə sübutdur.

Mərasimdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qızbəs Məmmədova, Pensər kənd 2 nömrəli tam orta məktəbin direktoru Faiq Həsənov, tarix müəllimi Yədulla Mirzəyev və başqaları çıxış edərək xəyanətkar Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində Qafqaz İslam Ordusunun oynadığı roldan danışıblar.

Qeyd olunub ki, ölkəmizin ayrı-ayrı bölgələrində olduğu kimi, Astara-Lənkəran bölgəsində, xüsusən Pensər kəndi ərazisində türk zabitləri ilə birlikdə yerli əhalinin fəal iştirakı ilə ermənilərə qarşı qətiyyətli döyüşlər aparılıb.

Pensər kənd ağsaqqalı Hacı Osman türk zabiti Yusif Camal bəylə birlikdə könüllülərdən ibarət yerli döyüşçülərin səfərbərliyə alınmasında və xəyanətkar qüvvələrə qarşı qətiyyətli mübarizə aparılmasında fəallıq göstəriblər. Təsadüfi deyildir ki, Pensər kəndinin mərkəzində Hacı Osmanın atasının adını daşıyan “Hacı Teymur” cümə məscidinin həyətində türk zabiti Yusif Camal bəyin və Hacı Osmanın məzarları yerli əhalinin ziyarət yerinə çevrilib.

Rayon ictimaiyyətinin nümayəndələri müntəzəm olaraq bu məzarları ziyarət edir, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi Yusif Camal bəyin qəhrəman Azərbaycan əsgərləri ilə birlikdə göstərdikləri misilsiz şücaət barədə ürək sözlərini ifadə edirlər.

Mərasimdə məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər oxunub.

Tədbir iştirakçıları Hacı Osman bəy və Camal Yusif bəyin məzarları önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.