REGİONLAR
Astaranın çay plantasiyalarında birinci çay yığımı başa çatmaq üzrədir
Astara, 17 may, Bağır Əliyev, AZƏRTAC
Astaranın çay plantasiyalarında mayın əvvəllərindən başlanan birinci çay yığımı başa çatmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il havaların yağmurlu keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Çay plantasiyalarında bol məhsul var.
“Astaraçay” MMC-nin Şüvi kəndindəki təsərrüfatında olarkən bunun bir daha şahidi olduq. Aqronom Qədəğə Ağayevin verdiyi məlumata görə, “Astaraçay” MMC-nin Astara rayonu ərazisində 400 hektar çay sahəsi var. Bunun 140 hektarı Şüvi ərazi icra nümayəndəliyinə daxil olan kəndlərdə yerləşir.
Birinci çay yığımında “Astaraçay” MMC-yə məxsus 400 hektar sahədən 60, Şüvi təsərrüfatında isə 25 tona yaxın yüksək keyfiyyətli məhsulun yığılması nəzərdə tutulub.
Çay yığımı kampaniyasında birinci yığımın daha diqqət tələb etdiyini, ən yüksək keyfiyyətli yaşıl çay yarpağı yığıldığını qeyd edən Q.Ağayev 10-15 gündən sonra ikinci çay yığımına başlayacaqlarını bildirib.
Qeyd edək ki, ötən il Astara rayonunda 187 hektar çay sahəsindən 530,2 ton yaşıl çay yarpağı yığılıb. Bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub.