REGİONLAR


Astaranın çay plantasiyalarında məhsul yığımı başa çatıb – 11,3 faiz çox çay istehsal olunub

Astara, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun çay plantasiyalarında məhsul yığımı başa çatıb. Bu il rayonda mövcud olan 345 hektar çay plantasiyalarından 530,2 ton məhsul yığılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Hər hektarın məhsuldarlığı 6,3 sentner artaraq 28,4 sentnerə çatdırılıb.

Astarada yaşıl çay yarpağının emalı məqsədilə 3 çay fabriki fəaliyyət göstərir.

Qeyd edək ki, son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi sahəsində görülən işlər aqrar bölmənin inkişafı üçün geniş imkanlar yaradıb. Qeyri-neft sektorunun inkişafında bir vaxtlar geniş şöhrət qazanmış təsərrüfat sahələrinin bərpası mühüm rol oynayır. Bu baxımdan, bitkiçiliyin ənənəvi sahələrindən olan çayçılığın inkişafı istiqamətində tədbirlər davam edir. Mülayim-subtropik iqlim qurşağında yerləşən Astara rayonunda çayçılığın inkişafına diqqət artırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda da ölkəmizdə çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Çay çoxillik bitkidir, hər torpaqda bitmir, əkiləndən 7 il sonra məhsuldarlığa çatır və daha çox aqrotexniki qulluq tələb edir.

Astarada çay bitkisi ilk dəfə 1912-ci ildə əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.