REGİONLAR


Astaranın sitrus meyvə bağlarında feyxoa yığımına başlanılıb

Astara, 14 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Astara rayonunun sitrus meyvə bağlarında feyxoa yığımına başlanılıb. Qısa müddətdə feyxoa bağlarından 20 tona yaxın məhsul yığılıb.

Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, bu il yay mövsümündə havaların quraq keçməsi sitrus meyvə bağlarında məhsul istehsalına da təsir edib.

Rayonda bu təsərrüfatla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirir ki, yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq hava hökm sürdüyündən suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq məhsuldarlıq aşağıdır.

Bir kiloqramı 0,50-1 manata satılan feyxoanın qiyməti bu il 1-2 manata yüksəlib. Ancaq bu qiymət də məhsul istehsalçılarını qane etmir.

Lakin qiymətlərin qarşıdakı günlərdə düşəcəyi gözlənilir. Çünki bu il hələlik Rusiya bazarlarına feyxoa məhsulunun ixracı müşahidə olunmur. Bu səbəbdən də təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satmaq məcburiyyətindədirlər.

Rayonun feyxoa bağlarında məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək.

Qeyd edək ki, ötən il Astara rayonunda 858,3 hektar feyxoa bağlarından 5336 ton məhsul yığılıb. Hər hektar sahədən götürülən məhsuldarlıq 118 sentner təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.