REGİONLAR
Astaranın tanınmış idmançıları məktəblilərlə görüşüblər
Astara, 7 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Kijəbə qəsəbə tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində sərbəst güləş üzrə tanınmış astaralı idmançılar Cəbrayıl Həsənov, Musa Ağayev və Əliabbas Rzazadə ilə məktəblilərin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov və başqaları ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıblar.
Çıxış edənlər idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi kimi qiymətləndirərək, Azərbaycan idmanına verdikləri töhfəyə görə astaralı idmançıları təbrik edib, onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.
Tədbirdə Astaranın tanınmış idmançılarının qazandıqları uğurlarla bağlı təqdimatlar keçirilib.
Qeyd olunub ki, Azərbaycan idmanının məşhur simalarından olan, hazırda məşqçi fəaliyyətini davam etdirən Cəbrayıl Həsənov XXXI Yay Olimpiadasının bürünc, Dünya çempionatının ikiqat gümüş, üçqat bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, Avropa çempionatının üçqat qızıl, üçqat gümüş, dördqat bürünc mükafatçısıdır.
Görüşdə iştirak edən astaralı idmançı Musa Ağayev Cəbrayıl Həsənovun yetirməsidir. O, sərbəst güləş üzrə Avropa birinciliyinin bürünc mükafatçısı, çimərlik güləşi üzrə Avropa çempionu və Dünya çempionatının gümüş medalçısıdır.
Görüşün digər iştirakçısı Əliabbas Rzazadə 2016-2021-ci illərdə Avropa birinciliyində sərbəst güləş üzrə iki dəfə bürünc və gümüş medal qazanıb.
Təqdimatlardan sonra Cəbrayıl Həsənovun erməni rəqibinə böyük hesabla qələbəsini əks etdirən videoçarx göstərilib.
Görüşdə çıxış edən Kijəbə qəsəbə tam orta məktəbinin direktoru Təbrizə Rəsulova, məktəbin dil-ədəbiyyat müəllimi Azər Kişiyev, Vətən müharibəsi veteranı, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədr müavini Abbas İbrahimli Astaranın tanınmış idmançılarına ən xoş arzularını çatdırıblar.
Tədbirin sonunda idmançılar şagirdləri maraqlandıran sualları cavablandırıblar.