REGİONLAR
Astaranın ümumtəhsil məktəblərində “Son zəng” mərasimlərində 2 min nəfərə yaxın məzun iştirak edib
Astara, 14 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 14-də ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunun ümumtəhsil məktəblərində də dərs ilinin başa çatdığını bildirən son zəng çalınıb. On bir il bundan əvvəl titrək addımlarla məktəb astanasına qədəm qoyan onbirincilər bu gün məktəb illərinə “əlvida” deyiblər.
AZƏRTAC xəbər verir ki, “Son zəng” münasibətilə rayonun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə məzunlar, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Astara şəhər 1 nömrəli tam orta məktəbin həyətində keçirilən “Son zəng” mərasimi dövlət himninin sədaları altında dövlət bayrağımızın meydana gətirilməsi ilə başlanıb.
Məktəbin direktoru Xədicə Əliyeva məzunları, onların valideynlərini və qonaqları əlamətdar gün münasibətilə təbrik edərək ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, rəhbərlik etdiyi kollektivin qazandığı uğurlardan danışıb.
X.Əliyeva Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək məzunlara müstəqil həyatda uğurlar arzulayıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının məzunlara ünvanladığı təbrik məktubu oxunub.
Mərasimdə çıxış edən Təhsil Nazirliyinin daxil nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə və başqaları ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən danışıblar.
Çıxış edənlər məzunları əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, ölkəmizin bundan sonra da hərtərəfli inkişafı və çiçəklənməsi işinə öz layiqli töhfələrini verəcəklərinə əminliklərini ifadə ediblər.
Məzunlar onların qayğısını çəkən, elmin sirlərini səylə, səbirlə öyrədən, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına çalışan müəllimlərə və valideynlərə minnətdarlıqlarını bildirərək, Azərbaycanımıza, doğma yurda layiqli vətəndaş olmalarına söz veriblər.
Mərasimdə müəllimlərin və şagirdlərin bir qrupuna fəxri fərmanlar təqdim edilib.
“Son zəng” mərasimi məktəblilərin hazırladıqları musiqili, ədəbi-bədii proqramla davam edib.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən 1247 nəfəri IX, 724 nəfəri isə XI sinfi bitirib.