REGİONLAR
Astaranın ümumtəhsil məktəblərində ilk dərs günü yüksək əhval-ruhiyyə ilə qeyd olunub
Astara, 22 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günü yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə ilk dərs günü ilə bağlı tədbirlər keçirilib.
Hər iki məktəbin müəllim və şagird kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, hazırda müəllimlər qarşısında duran ən mühüm vəzifə COVID-19 pandemiyasına görə tətbiq edilən qaydalara əməl edilməklə tədrisi uğurla aparmaqdır. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasından qorunmaq məqsədilə tövsiyə və tapşırıqları barədə şagirdlər gündəlik məlumatlandırılmalı, qoyulan tələblərə ciddi əməl olunmalıdır.
Məktəb direktorları son illər təhsildə əldə edilən nailiyyətlər barədə məlumat verərək, yeni tədris ilinə müvəffəqiyyətlə davam etmək üçün səy və bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər.
Qeyd olunub ki, 2020-2021-ci tədris ilini müvəffəqiyyətlə başa vuran Astara rayonunun ümumtəhsil məktəblərinin 238 məzunu respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıb. M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbin XI sinfini bitirən 17 məzunun hamısının ali məktəblərə daxil olması isə təqdirəlayiq haldır.
Q.Ağayev tələbə adını qazanmış gənclərlə görüşərək onları təbrik edib. Qeyd olunub ki, dövlətimizin bugünkü inkişafının, tərəqqisinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev böyük uzaqgörənliklə və inamla müstəqil Azərbaycanımızı işıqlı gələcəyə aparır. müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfər tarixi yazaraq, bizə böyük qələbə sevincini yaşatması bu uğurlu inkişafın bariz nümunəsidir.
Görüşdə çıxış edən Azərbaycan Universitetinin tələbəsi Səfərov Elnur Azər oğlu gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılığını ifadə edərək, dövlətimizin başçısına minnətdarlığını bildirib.