REGİONLAR


Astaraya gələn turistlərin sayı iki dəfə artıb

Astara, 6 fevral, Bağır Əliyev, AZƏRTAC

Ötən il Astara rayonunda bütün sahələrdə nailiyyətlər qazanılıb. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsulların və əhaliyə göstərilən xidmətlərin ümumi dəyəri 204 milyon manat təşkil edib, il ərzində 1900 yeni iş yeri açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 6-da Astara Rayon İcra Hakimiyyətində ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda danışılıb.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hesabat məruzəsi dinlənilib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonun ictimai-siyasi həyatında ən əlamətdar hadisə oktyabrın 15-də Prezident İlham Əliyevin ölkəmizin cənub bölgəsinə növbəti səfəri çərçivəsində Astarada bir sıra sosial obyektlərin açılışında iştirak etməsi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü olub. Həmin səfərdən sonra Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometr hissəsinin, Astara çayı üzərində körpünün tikintisi məqsədilə Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.

Hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Astara şəhərindəki park-bulvar kompleksinin ərazisi genişləndirilərək 18 hektara çatdırılıb. Azərbaycan Prezidentinin Sərəncamına əsasən Taxtanəkəran-Toradi, Taxtanəkəran-Miki və Ojakəran-Təngərüd avtomobil yolu tikilərək istifadəyə verilib. Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisinə, Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir.

Astara şəhərinə 29 kilometr məsafədən çəkilən magistral su kəməri isə gələcəkdə qəsəbə və kəndlərin su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Diqqətə çatdırılıb ki, Astarada aparılan quruculuq işləri rayonda turizmin inkişafı üçün geniş imkanlar açıb. Ötən il rayona gələn turistlərin sayı iki dəfə artıb.

Məruzə və çıxışlarda kənd təsərrüfatında görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən də ətraflı söhbət açılıb, mövcud problemlər müzakirə olunub.

Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək 2018-ci ildə respublikada sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildiriblər.

Yığıncaqda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.