İDMAN
“Aston Martin”in sahibi Fettelə böyük ümid bəsləyir
Bakı, 11 yanvar, AZƏRTAC
Yeni mövsüm öncəsi Formula 1 ictimaiyyətini düşündürən suallardan biri də Sebastyan Fettelin yeni komandasında necə çıxış edəcəyidir. “Ferrari”dən ayrılan almaniyalı pilotun “Aston Martin”də necə təsir bağışlayacağı maraq doğurur.
AZƏRTAC xəbər verir ki, “Aston Martin”in sahibi Lorens Stroll komandanın yeni pilotu S.Fettel haqda danışıb. Almaniyalı pilotun perspektivlərindən söz açan kanadalı biznesmen ona ümid bəslədiyini söyləyib: “Sebastyan ötən il çox çətin mövsümü geridə qoydu. İlin əvvəlində komandadan gedəcəyini bilən istənilən pilot çətinlik çəkərdi. Bu psixoloji cəhətdən adama çox pis təsir edir. “Ferrari”nin bolidi Fettelin tələblərinə cavab vermirdi. Sebastyan “Red Bull”dakı son mövsümündə də belə çətinliklə üzləşmişdi. Amma istənilən halda biz dördqat dünya çempionundan danışırıq. Bir ilə Fettel bolidi necə idarə etmək lazım olduğunu unutmayıb. Artıq həmin çempion bizim komandadır. Fettel “Aston Martin”i lazım olan yerə daşıyacaq. Sebastyana görə narahat deyiləm. O, bizim komandamızda möhtəşəm çıxışı ilə yadda qalacaq”.
Xatırladaq ki, “Red Bull”un heyətində 4 dəfə dünya çempionu olan S.Fettel “Ferrari”də çıxış etdiyi 5 il ərzində titul qazana bilməmişdi. İtaliya komandası onunla müqaviləni yeniləməyincə pilot “Aston Martin”ə üz tutdu. Sebastyan burada komandanın sahibi Lorens Strollun oğlu Lens Strolla birgə mübarizə aparacaq.