MƏDƏNİYYƏT
“Astraxan 24” telekanalında Azərbaycanın turizm imkanları haqqında reportaj yayımlanıb VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Rusiyanın “Astraxan 24” telekanalı Azərbaycanın turizm imkanları barədə reportajlar təqdim edib.
AZƏRTAC xəbər verir ki, növbəti videomaterial ölkəmizin cənub regionunun turizm imkanlarına həsr olunub. Reportaj bu sözlərlə başlayır: “Lənkəran, Astara, Masallı, Lerik cənub rayonlarıdır. Hər biri yüksək turizm potensialına malikdir. Bu yerlər tarixi abidələri, təbiət mənzərələri və müasir infrastrukturu ilə diqqəti çəkir. Bölgənin əhalisi olduqca qonaqpərvərdir. Ərazinin havası da, təbiəti də gözəldir. Lənkəranın “Xan evi”, dağları, meşələri, Lerikin mağaraları, Astaranın şəlalələri, yerli insanların mehribanlığı, dadlı mətbəx turistlərdə dərin iz buraxır və onlar buraya təkrar qayıdırlar”.
Reportajda qeyd olunub ki, əvvəlki illərlə müqayisədə cənub bölgəsinə turist axını 20 faizdən çox artıb. Əcnəbi turistlərin sayı da kifayət qədərdir. Buraya əsasən qonşu ölkələrdən gəlirlər. Növbəti yerləri isə Avropadan olan qonaqlar tutur. Cənub regionunda yeni turizm obyektlərinin açılışı rəqabət imkanlarını da genişləndirib. Qiymətlər aşağı düşüb, xidmətlərin keyfiyyəti yüksəldilib. Son illər cənub bölgəsində kənd turizmi də inkişaf edib. Otellərdə qalmaq istəməyənlər kəndlərdə münasib qiymətə ev kirayə götürə bilirlər. Bu evlərdə hər cür şərait yaradılıb. Gənc bələdçilər turistləri bölgənin gözəllikləri ilə tanış edirlər.
Reportajda cənub regionunun müalicəvi turizm imkanları da əksini tapıb.
Azərbaycanın turizm potensialının Rusiyanın “Astraxan 24” telekanalı vasitəsilə təbliği layihəsi çərçivəsində daha 9 videoreportaj yayımı həyata keçirilib.