SİYASƏT
Astrid Nadya Rizqita: İndoneziya hökuməti Ermənistanla diplomatik münasibətlərə niyə yenidən baxmalıdır?
Cakarta, 1 oktyabr, AZƏRTAC
İndoneziyanın medium.com saytı “İndoneziya hökuməti Ermənistanla diplomatik münasibətlərə niyə yenidən baxmalıdır?” başlıqlı məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Təşkilatının Baş katibi xanım Astrid Nadya Rizqitadır.
Müəllif məqaləsini “Prezident Coko Vidodo bu il BMT Baş Assambleyasının müzakirələri çərçivəsində çıxışı zamanı təşkilatın fəaliyyət göstərdiyi 75 il ərzində əldə etdiyi nailiyyətlərlə yanaşı, çoxtərəfliliyin, sülhün, Fələstinin timsalında müstəqillik uğrunda mübarizə aparan ölkələrə dəstəyin, pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın, hamı üçün rifah hədəflərinə çatmağın vacibliyi kimi bir sıra məsələlərə toxunulub” sözləri ilə başlayır.
Qeyd edir ki, cari il İndoneziyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi (2018-2020) sonuncu fəaliyyət ili olduğunu nəzərə alaraq, İndoneziyanın beynəlxalq sülh proseslərində vasitəçi qismində daha aktiv fəaliyyət göstərməsi vacibdir.
Dünyanın ən çox əhalisinə malik müsəlman ölkəsi olan İndoneziyadan xüsusilə qardaş müsəlman ölkələrinin üzləşdiyi münaqişələrin sülh yolu ilə həllində daha böyük gözləntilərin və ümidlərin olduğu məqalədə xüsusi vurğulanıb. İƏT-in Fələstin ilə yanaşı, Kəşmir (Hindistan-Pakistan), Rohinca (Myanmar) və Dağlıq Qarabağ (Ermənistan-Azərbaycan) münaqişəsi kimi məsələlərlə məşğul olduğu bildirilərək, İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ optimal mövqeyinin formalaşmadığı, habelə bir sıra internet səhifələrində İndoneziya-Ermənistan münasibətlərinə dair İndoneziya-Azərbaycan münasibətlərindən daha çox məlumata rast gəlindiyi diqqətə çatdırılıb.
Məqalədə sentyabrın 27-dən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağda başlayan silahlı qarşıdurmanın artıq 3 gündür davam etməsinə baxmayaraq, indiyədək İndoneziya hökumətinin aydın mövqe nümayiş etdirmədiyi təəssüf hissi ilə vurğulanıb. Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin mülki azərbaycanlıları hədəf alan hücumları nəticəsində Azərbaycan Ordusunun general mayoru Polad Həşimovun şəhid olması da qeyd olunub.
A.N.Rizqita yazır: “Aydın mənəvi dəyərlərə sahib olan İndoneziya vətəndaşları olaraq, ölkəmizin Ermənistanla diplomatik əlaqələrinin olmasının, həqiqəti söyləməkdən və ədalət uğrunda mübarizə aparmaqdan çəkinmək mənasına gəlmədiyi aydındır. Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı Qətnamələri da daxil olmaqla, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozduğu, Azərbaycan Ordusunun öz ərazi bütövlüyünü qorumaq məqsədilə Ermənistan ordusuna qarşı, əks-hücum əməliyyatı həyata keçirdiyi məlumdur”.
Müəllif xüsusilə BMT TŞ-nin məlum qətnamələrinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu aydın şəkildə göstərdiyini də nəzərə alaraq, İndoneziyanın həmin təşkilatın üzvü kimi daha fəal mövqe nümayiş etdirməli olduğunu qeyd edib. Hər iki ölkənin həm İƏT, həm də Qoşulmama Hərəkatının üzvü olduğu xatırlanaraq, İndoneziyanın Azərbaycanı dəstəkləmək üçün iki dəfə düşünməli olmadığı vurğulanıb.
Müəllifin fikrincə, əslində, İndoneziya Ermənistanla müqayisədə Azərbaycanla daha çox ümumi cəhətlərə malikdir və Azərbaycanla istər sosial, mədəni, istərsə də iqtisadi, siyasi və hərbi sahədə mövcud ikitərəfli əməkdaşlığın gücləndirilməsinin daha çox məna kəsb edəcəyi aydın görünür.
İƏT üzvü olan Azərbaycanın mütərəqqi insan kapitalına, yüksək təhsillilik səviyyəsinə malik ölkə olduğu qeyd olunaraq, yerləşdiyi strateji-coğrafi mövqeyin ölkəmizi transkontinental, zəngin mədəniyyətə malik, minilliklər boyu bəşər sivilizasiyası tarixi ilə zəngin, dini tolerantlıq ənənələrini milli brendə çevirmiş dövlət olduğu vurğulanıb. Bu xüsusiyyətlər nəzərə alınaraq, İndoneziyanın Azərbaycanı “müsəlman dünyası diplomatiyası”nda prioritetləri sırasına daxil etməsi üçün bütün bu ortaq cəhətləri araşdırmasının çətin olmadığı diqqətə çatdırılıb.
Qarşıdurmanın dördüncü gününün başa çatması fonunda hökumətin reaksiya verməməsi ilə Prezident Coko Vidodo və Xarici İşlər naziri Retno Marsudinin diplomatiya xəritəsinin istiqamətini itirməsi təəssüf hissi doğurduğu ifadə edilərək, dövlət başçısının diplomatiyada, xüsusən müsəlman dünyasındakı diplomatiyada baxış və missiya vədlərinin həyata keçirilməsi, bu xüsusda İndoneziya hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən Ermənistanla diplomatik münasibətlərə yenidən baxılması ilə bağlı qətiyyətli mövqe sərgiləməsinin vaxtının çatdığı vurğulanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta