REGİONLAR
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
Gəncə, 19 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək.
Gəncə Şəhər Səhiyyə İdarəsinin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya Mərkəzi Qan Bankının Gəncə filialında və İmamzadə ziyarətgahında təşkil ediləcək.
M.Rəhimov qeyd edib ki, aksiyaya şəhər üzrə 14 həkim briqadası ayrılıb və təcili tibbi yardım avtomobilləri şəhərin mərkəzindən İmamzadə ziyarətgahınadək olan əraziyə əvvəlcədən müəyyənləşdirilmiş məntəqələrə təhkim ediliblər. Aşura günü İmamzadə ziyarətgahına yaxın bütün tibb müəssisələri, eləcə də Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanası, Uşaq Xəstəxanası və 5 saylı Poliklinika gücləndirilmiş iş rejiminə keçəcək.
Bildirilib ki, aksiyanın keçiriləcəyi İmamzadə ziyarətgahında 42 nəfərin eyni vaxtda qanverməsi üçün hər bir şərait yaradılıb. Qanvermə məntəqələri və briqadalar zəruri dərman və tibbi vasitələrlə təmin edilib. İki həkim briqadası sentyabrın 19-dan etibarən İmamzadə ziyarətgahına təhkim edilib. İki növbəli iş rejimində işləyəcək bu briqadalar Aşura günü könüllülərin qanvermə prosesini təşkil etməklə yanaşı, həm də zərurət yarandıqda İmamzadəyə ziyarətə gələnlərə ilkin tibbi xidmət göstərəcəklər.