REGİONLAR
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
Quba, 20 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 20-də Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil olunan aksiyada 100-dən çox könüllü donordan qan götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu söyləyiblər.
Humanitar aksiya çərçivəsində toplanan qan irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.