CƏMİYYƏT


Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlar Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də aksiyaya qoşulublar.

Qanvermə aksiyasından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib: “Aşura günü İmam Hüseynin (ə) şəhid olduğu və ədalətin bərpa edildiyi gündür. Kərbəla çölündə imam Hüseyn (ə) şəhid olarkən “mənim ölümümdə bir həyat var” deyib. Biz artıq neçə illərdir ki, şəhidlərimizi yad edir və eyni zamanda, qan verməklə həyat veririk. Biz Kərbəla şəhidləri ilə birlikdə həm də torpaqlarımızın azadlığı uğrunda şəhid olan övladlarımızı yad edirik. Bu gün qan verməklə həm də kimlərəsə can veririk. Aşura günündə baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq olmaz. Buna heç İmam Hüseyn özü də razı olmazdı”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsahibəsində bildirib ki, son illər yaranmış ənənəyə görə ölkə vətəndaşları Aşura günü qanvermə aksiyasında iştirak edirlər. Bu il də həmin ənənəyə uğun olaraq çoxsaylı vətəndaşlar könüllü olaraq həmin aksiyada iştirak edirlər. Aksiyanın çox böyük mənəvi, siyasi və psixoloji əhəmiyyəti var. Artıq bu ənənədən bir çox qonşu ölkələrdə, o cümlədən İran və Türkiyədə də nümunə kimi istifadə edilir. Bu, ümumən bütün dünya, eləcə də İslam dünyası üçün çox yaxşı bir nümunədir.

Aksiyanın digər iştirakçıları qanvermənin əhəmiyyətindən danışıb, bunu xüsusilə də sağlamlıq problemləri olanlar üçün faydalı bir təşəbbüs kimi qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.