İQTİSADİYYAT
“AtaBank” “UnionPay International” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də "AtaBank" ASC dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International.Co" MMC ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, müqaviləni "Atabank"ın idarə heyətinin sədri Dəyanət Quliyev, "Unionpay International Co."nun biznesin inkişafı üzrə baş direktoru Vanq Lixin imzalayıblar. Məqsəd hər iki qurum arasında ticarətin inkişafının stimullaşdırılmasıdır.
Dəyanət Quliyev bildirib ki, tərəfdaşlıq çərçivəsində bankın bankomat və POS-terminallarında emissiya etdiyi kartların sayına görə dünya lideri olan "UnionPay International" kartları ilə əməliyyatlar aparmaq mümkün olacaq.
"UnionPay International Co" MMC-nin idarə heyətinin sədri Ge Huayong deyib ki, 2002-ci ilin martında Çin Dövlət Şurası və Çin Xalq Bankı tərəfindən təsis edilmiş "UnionPay International" şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir. "UnionPay" dünyanın 162 ölkəsində xidmət göstərir. Kartların ümumi sayı 5 milyarddan artıqdır. Bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.