MƏDƏNİYYƏT


Atabəy İsmayılov: 23 yaşımın tamamında sanki yenidən doğuldum...

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, dirijor assistenti, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılov bu yaxınlarda ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfəri çərçivəsində təşkil olunan görüşlərdə iştirak edib.

Heç vaxt üzünü görmədiyi dədə-baba torpaqlarına ilk dəfə ayaq basan gənc musiqiçi orada yaşadığı unudulmaz təəssüratlarını AZƏRTAC-la bölüşüb:

“O qədər möhtəşəm hisslərdir ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Aradan bir neçə gün keçməsinə baxmayaraq, hələ də elə bilirəm o müqəddəs torpaqlardayam. Ali Baş Komandanın rəhbərliyi və rayon ictimaiyyətinin sayılıb-seçilən nümayəndələrinin dəvət olunduğu görüşdə iştirakım mənə sonsuz qürur verdi.

Əslimiz Füzulinin Qarakollu kəndindən olsa da, 1998-ci ilin 16 oktyabrında Horadiz qəsəbəsində anadan olmuşam. Mən dünyaya gələndə artıq valideynlərim məcburi köçkün idilər, sonra isə tale elə gətirib ki, ailəlikcə Bakıda məskunlaşdıq.

Füzuli rayonu Vətən müharibəsinin ilk günlərindən son günlərinədək gərgin döyüşlərin aparıldığı rayonlardan olub. Lakin həmişə böyük ümidlə yanaşmışam ki, bir gün gələcək torpaqlarımız işğaldan azad olunacaq... Biz Zəfər salnaməmizi öz gözlərimizlə gördük. Həmin gün gəldi və artıq o günlərdən bir il keçib. Ötən həftə 23 yaşımın tamamında sanki yenidən doğuldum…

Biz qalib xalqıq. Bunu dərk etmək və məsuliyyətini çiyinlərimizdə daşımaq kimi müqəddəs borcumuz var. Qalib bir ölkənin vətəndaşı olaraq, fəxr edirəm ki, mən azərbaycanlıyam. Ali Baş Komandanın dediyi kimi, dəmir yumruğumuz təkcə düşmənin başını əzmir, onun rəmzi mənası həm də həmrəylimizi ifadə edir. Prezidentimizin siyasi əzmi, ordumuzun yüksək peşəkar hazırlığı bizi o doğma yurd yerlərinə qovuşdurdu. Bu yolda neçə-neçə igidlərimiz canlarını fəda etdilər, amma bir addım da olsa, geri çəkilmədilər. İş yoldaşım, teatrımızın işıqçısı, şəhid dostum Əliağa Məmmədov kimi oğulların sayəsində biz arzularımıza çatdıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə, Müzəffər Ali Baş Komandanımıza cansağlığı arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.