CƏMİYYƏT
“Atalar məktəbi - məsuliyyətli atalığın transformasiyası” layihəsi həyata keçirilir
Bakı, 4 dekabr, AZƏRTAC
Ata olmağa hazırlaşan şəxslər və gənc atalar üçün Avropa İttifaqının maliyyə dəstəyi ilə “Gender Hub Azərbaycan” tərəfindən BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Atalar məktəbi - məsuliyyətli atalığın transformasiyası” layihəsinə start verilir.
AZƏRTAC xəbər verir ki, layihənin gedişatında 2 ay müddətində 40 şəxsin iştirakı ilə üç fərqli regionda (Bakı, Gəncə, Qazax) keçiriləcək seminarların əsas məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan oturuşmuş davranış normalarını və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində noyabrın 22, 23 və 29-da Gəncə, Qazax və Bakıda layihə haqqında ətraflı məlumatın lazımi kütləyə çatdırılması məqsədilə infosessiyalar həyata keçirilib.
Ümumilikdə 2 ay müddətində keçiriləcək seminarlarda ailə planlamasının sağlam cəmiyyətin formalaşdırılmasında rolu, sağlam ailə modeli və dəyərləri, həyat yoldaşı və ya partnyor ilə uşaq qayğısında və inkişafında məsuliyyətlərin bölgüsü, ataların icmalaşmasının əhəmiyyəti kimi mövzulara toxunulacaq.