REGİONLAR


“Atanın uşağını bağrına basaraq bir yerdə həlak olması hamımızı çox sarsıtmışdı” – xilasedicilər danışır VİDEO

Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi növbəti terror aktından iki il keçir

Bərdə, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə beynəlxalq hüquqla qadağan edilmiş kasetli bombalardan istifadə olunmaqla zərbələr endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

AZƏRTAC-ın bölgə müxbiri o günlərə xilasedicilərin gözündən bir daha nəzər salıb, şahid olduqları terrorun dəhşətini onların dilindən dinləyib.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin baş xilasedicisi baş gizir Afiq Budaqov iki il əvvəl baş verən hadisələri belə xatırlayır: “2020-ci il oktyabrın 28-də günorta saatlarında Regional Mərkəzə Bərdə şəhərinə kasetli bomba atılması ilə bağlı məlumat daxil oldu. Dərhal hadisə yerinə çıxdıq. Kasetli bombaların atıldığı əraziyə çatdıqda dəhşətli mənzərəyə şahid olduq - parçalara bölünmüş, yanmış insanlar, yaralılar... Dərhal insanları kənarlaşdırıb təxliyə işlərinə başladıq. Avtomobildə yanmış iki nəfərin cəsədini və parçalara bölünmüş digər cəsədləri kisələrə qoyaraq aidiyyəti üzrə təhvil verdik. Çox çətin bir vəziyyət idi – dağılmış obyektlər, təşvişə düşmüş insanlar, həlak olanların yaxınları...”.

44 günlük Vətən müharibəsi dövründə FHN-in Mülki Müdafiə qoşunlarının şəxsi heyəti də gücləndirilmiş iş rejimində xidmət aparıb, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Düşmən tərəfindən atəşə tutulan yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin edilməsi və zərərçəkənlərin xilas edilməsində yüksək qəhrəmanlıq və fədakarlıq göstəriblər.

Baş leytenant Səbuhi Sadıqov Bərdəyə raket zərbələri nəticəsində zərərçəkənləri xilas edərkən FHN-in Mülki Müdafiə qoşunlarının şəxsi heyətindən bir nəfərin şəhid olduğunu, bir nəfərin isə yaralandığını xatırladır: “Bərdə şəhərinin düşmən tərəfindən raket atəşinə məruz qalması nəticəsində dağıntılar və uçqunlar altında da qalanlar vardı. Onları xilas edərək, yaralanmış mülki vətəndaşlara ilkin tibbi yardım göstərir, sonra isə xəstəxanalara göndərirdik. O anları sözlə ifadə etmək çox çətindir... İnsanları xilas edərkən FHN-in Mülki Müdafiə qoşunlarının müddətdən artıq hərbi qulluqçusu əsgər Şəfiyev Rəşad Vaqif oğlu aldığı qəlpə yaralarından şəhid oldu, müddətdən artıq əsgər Əliyev Aydın Firuddin oğlu isə ağır yaralandı”.

Səbuhi Sadıqov “bizim missiyamız xilas etmək, insanları qorumaq, onların təhlükəsizliyini təmin etməkdir”, - desə də, o ağrılı-acılı günləri xatırlayarkən gözləri dolur...

Regional Mərkəzə Bərdə şəhərinə raketlərlə zərbələr endirilməsi ilə bağlı məlumat daxil olan kimi, hadisə yerinə yollananlar arasında sürücü-xilasedici baş çavuş Ruslan Aslanov da vardı. Deyir ki, qarşılaşdıqları mənzərədən sarsılsalar da, dayanmaq olmazdı: “Elə cəsədlər var idi ki, parçalara bölünmüşdü, tanınmaz halda idi. Bir mənzərə isə hamımızı daha çox sarsıtmışdı – ata uşağını bağrına basaraq bir yerdə həlak olmuşdular. Gözümüzdən yaş axsa da, ürəyimiz sızıldasa da vəzifəmizi icra elədik”.

Xilasedici, baş çavuş Anar Hüseynov isə Bərdədə baş verənləri xatırlamağın çox ağır olduğunu vurğulayır. “Çox çətin anlar idi. Hər tərəf qan içində idi, insanlar qışqırır, kömək istəyirdilər. O anları xatırlamaq çox ağırdır. Mənim üçün ən ağır görüntü atanın qucağında övladı ilə birgə ikisinin də həlak olduğunu görmək idi. Bunu heç zaman unutmayacağam”, - deyə o söyləyir.

“Vətən müharibəsində ermənilər bir çox yerdə vəhşiliklər törətdilər. Bərdə terroru da onlardan biri idi, o günləri xatırlamaq çox ağırdır”, - deyən Mülki Müdafiə qoşunlarının giziri Ceyhun Məmmədov da həmin dəhşətli görüntüləri unuda bilmir: “Biz hadisə yerinə çatanda hər tərəf qan içində idi. Hər tərəfdə cəsəd və yaralılar var idi. İnsanlarını qolu bir tərəfdə, bədəni bir tərəfdə idi, avtomobillər yanır, hamı təşviş içində idi. Həmin anları unutmaq çox çətindir”.

Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə qırx dörd günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.