MƏDƏNİYYƏT


Atatürk Mərkəzində “Türkologiya” kitabının təqdimatı keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin yekun tədbiri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə layihə çərçivəsində türkologiyaya dair aparılan yeni araşdırmaların nəticəsi olaraq, yeni fundamental araşdırmaları özündə əks etdirən “Türkologiya” adlı kitab ictimaiyyətə təqdim olunub. Kitabın müəllifləri - Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli və iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli, elmi redaktoru akademik Möhsün Nağısoyludur. Layihənin rəhbəri “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlıdır.

“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı layihənin həyata keçirilməsinə dəstək verən QHT Şurasına, könüllü iştirakçılara təşəkkür edərək deyib: “Məqsəd Azərbaycan türkoloji düşüncəsinin türk xalqlarının həmrəyliyində rolu və təsir imkanlarının, Türk dünyasının birliyi sahəsində elmi-mədəni, ideoloji münasibətlərin araşdırılması və təbliğinə istiqamətlənib. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra türk dünyasının birliyinin aspektləri, türk xalqlarının ortaq dəyərlərinin əsaslarının tədqiqi istiqamətində həm elmi-mədəni, həm də dövlət səviyyəsində mühüm işlər görülmüşdür. Bəzi alimlərin məsələ ilə bağlı məhdud sayda kitabları vardır. Amma məhz müstəqillik dönəmində aparılan araşdırmaların əsas özəyini təşkil edən materiallar sistemləşdirilərək bir elmi-mədəni vəsait kimi təqdim olunmamışdır. Biz uyğun nəşr və müzakirələrlə çıxış etmək, ortaq milli-mənəvi, tarixi, mədəni, ideoloji maraqlarımızın təbliğini gücləndirməklə müasir Azərbaycan türkoloji fikri haqqında real təsəvvürlər yaranması işinə kömək etməyə çalışmışıq”.

Tədbirdə akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Emin Qəribli, professor Minəxanım Təkləli, şair, sosioloq, iqtisad elmləri doktoru Əməd Qəşəmoğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru Leyla Məmmədəliyeva mövzu ətrafında kitabın müasir türkoloji araşdırma materialı kimi əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, Azərbaycan türkoloji düşüncəsi elmi-mədəni baxımdan, türk xalqlarının birlik arzularının həyata keçməsində mühüm amillərdən biridir. Kitabda türklər haqqındakı elmin əsas problemləri, türklərin mənşəyi, qədim türklər, türklərin diferensiasiyası, türk xalqlarının təşəkkülü və türk dünyasında inteqrasiya məsələləri elmi ideoloji baxımından ətraflı şəkildə araşdırılıb.

Kitabdan elmi dairələr, türkologiya sahəsində elmi araşdırmalar aparan şəxslər (qurumlar), tələbə və gənclər, habelə ölkəmizdən kənardakı qədim tarixi torpaqlarında yaşayan soydaşlarımız, müasir Azərbaycan türkologiyasının milli özünüdərk prosesində rolu barədə dolğun məlumat əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.