İDMAN


Atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turnirinə start verilib

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzindəki “Elite Horse & Polo Club”un yaşıl arenasında keçirilən yarış iki kateqoriyadan ibarətdir.

Yarışla bağlı jurnalistlərə müsahibəsində ARAF-ın baş katibi Bəhruz Nəbiyev deyib ki, turnirdə xarici ölkələrdən idmançılar da iştirak edirlər. Bu yarış cari il ərzində keçirilən konkur yarışlarının ən yüksək kateqoriyasında təşkil olunur. Yarışın birinci kateqoriyasında maneələrin hündürlüyü 125 santimetr, ikinci kateqoriyada, yəni, kubokun sahibini müəyyənləşdirəcək yarışda isə 145 santimetrdir. Turnirin ümumi mükafat fondu 34 min manatdır. Yarış birgünlükdür və bu gün kubokun sahibi məlum olacaq.

Yarışda Azərbaycanda fəaliyyət göstərən müxtəlif atçılıq klublarının idmançıları iştirak edirlər. Bəzi klublar isə heyətlərinə xarici idmançıları da cəlb ediblər. Biz bu gün Belarus və Türkiyədən olan həmin idmançıların çıxışlarının şahidi olacağıq.

ARAF-ın baş katibi qeyd edib ki, Milli Atçılıq Festivalı çərçivəsində atçılığın cıdır, konkur, çövkən və polo növləri üzrə dörd yarış təşkil olunur. İyunun 2-də Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” keçirildi. Festival çərçivəsində iyunun 5-də startı verilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin iyunun 9-da Bakı Cıdır Meydanında final mərhələsi olacaq.

İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.