REGİONLAR


Atçılıq Federasiyasının rəsmisi: Məqsədimiz qədim atçılıq ənənələrini gələcək nəsillərə ötürməkdir

Şəki, 14 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Artıq on üçüncü dəfədir ki, Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir. Bundan əlavə, Atçılıq Federasiyası tərəfindən hər il müxtəlif turnirlər, ölkə çempionatları da təşkil olunur. 2018-ci ildə Milli Atçılıq Festivalı çərçivəsində atçılığın çövkən, cıdır, polo, konkur növləri üzrə yarışlar da keçirilib. Bu oyunları təşkil etməkdə əsas məqsədimiz atçılığı inkişaf etdirmək, xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması və dirçəldilməsinə nail olmaq, qədim atçılıq ənənələrini gələcək nəsillərə ötürmək, eyni zamanda, gəncləri idmanla məşğul olmağa sövq etməkdir.

Bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Qurum rəsmisi bildirib ki, oyunların bütün regionları əhatə etməsi Federasiyanın qarşısında duran əsas vəzifələrdəndir: “Vaxtilə bu yarışlarda 24 komanda iştirak edib. Bu il isə oyunlara 12 komanda qatılıb. Yarışın budəfəki formatı əvvəlkilərdən fərqlənir. Builki yarışda komandalar 4 qrupa bölünüb. Hər qrupa 3 komanda daxil edilib. Qrup daxilində bütün komandalar bir-biri ilə qarşılaşırlar. Əvvəlki illərdə isə ilkin mərhələdə uduzan komandalar oyunları tərk edirdi. Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq. Yarımfinal və final oyunları dekabrın 22 və 24-də Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək”.

Azərbaycanın polo üzrə milli komandasının beynəlxalq yarışlarda qazandığı uğurlar barədə danışan federasiya rəsmisi deyib: “Çövkən və polo bir-birinə bağlı idman növləridir. Polo üzrə milli komandanın heyətini müəyyənləşdirərkən çövkən oyunçularına müraciət edilir, ən yaxşı oyunçular komandaya dəvət olunur. Sevindirici haldır ki, 2018-ci ilin sentyabrında İtaliyada keçirilən Avropa çempionatında Azərbaycan milli komandası ilk dəfə iştirak etməsinə baxmayaraq, ikinci yeri tutmağa müvəffəq olub. Həmin milli komanda 2015-ci ildə Bakıda keçirilən mini polo üzrə Avropa çempionatında isə birinci yerə layiq görülmüşdü”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.