İDMAN


Atıcılıq idmanında istedadı olan gənclər axtarılır

Bakı, 7 may, AZƏRTAC

Salyanda məktəblilər arasında “Sərrast atıcı - 2022” yarışına start verilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş yarışın məqsədi regionlarda idmanın bu növündə istedadı olan gənclərin üzə çıxarılması, onların asudə vaxtının səmərəli və sağlam keçirilməsinə nail olmaqdır.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışdan bir neçə gün əvvəl Salyan şəhərində və ətraf ərazilərdə yerləşən məktəblərdən atıcılığa həvəsi olan uşaqlar seçilib və onlar üçün gündəlik məşq qrafiki təyin edilib. Uşaqlara tirdə silahla təhlükəsiz davranış və atış qaydaları izah olunub.

Yarışda 40-dək məktəbli iştirak edib.

“Regionlarımızda idmanın bu növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsində məqsədlərimizdən biri də ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək gənclərin yetişdirilməsidir. Həm bizim maddi-texniki bazamız, həm də gənclərimizin bacarıqları buna imkan verir”, - deyə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

Azərbaycanda beynəlxalq standartlara uyğun Qəbələ Atıcılıq Klubu və Bakı Atıcılıq Mərkəzi fəaliyyət göstərir. Bakı Atıcılıq Mərkəzi infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biridir.

Qeyd edək ki, mayın 27-dən iyunun 7-dək Bakıda atıcılıq üzrə dünya kuboku yarışı keçiriləcək. Dünyanın 70-dən artıq ölkəsini təmsil edəcək atletlər güllə və stend atıcılığının 15 Olimpiya növündə mübarizə aparacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.