SİYASƏT
Atırau Dövlət Universitetində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri təşkil edilib
Atırau, 14 dekabr, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti ilə birgə X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində anım mərasimi təşkil edib. Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzində keçirilən tədbirdə universitetin müəllim və tələbə heyəti, “Novruz” milli-mədəni mərkəzinin fəalları, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə azərbaycanlı tələbələr tərəfindən Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Sonra Ümummilli Liderə həsr edilən film nümayiş olunub.
Baş konsulluğun rəhbəri Elxan Zeynalov, “Novruz” milli-mədəni mərkəzinin sədri Eldar Əhmədov, Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayəti üzrə Dostluq Evinin sədr müavini Ləzzət Kenesova, Qazaxıstan Respublikası Slavyan, Rus və Kazak Birlikləri Assosiasiyasının Atıraudakı vilayət filialının sədri Viktor Zavertkin çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri, Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında rolu barədə danışıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Atırau